BAKI, 8 oktyabr - Sputnik. “Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Sevgi paylaşımları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar - bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”, - səfir qeyd edib.
Xatırladaq ki, Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub.
Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
HƏMAS yaraqlılarının hücumu nəticəsində İsrail tərəfdən ölənlərin sayı 700-ə yüksəlib. Hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.
Daha əvvəl 600 nəfərə yaxın insanın öldüyü, 2 minə yaxın sakinin yaralandığı bildirilirdi. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirir.