BAKI, 7 oktyabr - Sputnik. "İsraildəki hadisələr zamanı yaralanan şəxslər arasında azərbaycanlı yoxdur".
Bunu "Report"a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.
O, nazirliyin Azərbaycanın İsraildəki səfirliyi ilə mütəmadi təmasda olduğunu diqqətə çatdırıb.
Ayxan Hacızadə həmçinin vurğulayıb ki, bir azdan Azərbaycan vətəndaşlarına dövlət qurumlarının verdiyi təlimatlara riayət etmək istiqamətində çağırış ediləcək.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.