AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Ədalət və İnkişaf Partiyasının sədri seçilib.
Sputnik
BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Sizin yekdilliklə Partiyanın Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi və rəhbərlik etdiyiniz partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Bu, milli iradənin ifadəsi, Ədalət və İnkişaf Partiyasının üzvlərinin Sizə olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürü, qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyiniz xidmətlərə verilən ali qiymətdir.
Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayı Türkiyə Respublikasının ictimai-siyasi həyatında tarixi hadisədir. Əminəm ki, Qurultayda qəbul olunmuş mühüm qərarlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, qardaş xalqınızın rifahı naminə qarşıya qoyulmuş yeni hədəflərə çatmağa, ölkənizin yeni sosial-iqtisadi inkişaf mərhələsini təmin edəcək “Türkiye Yüzyılı” baxışının həyata keçməsinə müstəsna töhfə verəcəkdir.
Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olmuşdu. Bütün bu nailiyyətlərdə Sizin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə Sizin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub.
Biz də Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq. Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir.
Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Bir daha Sizə və Ədalət və İnkişaf Partiyasının hər bir üzvünə ən səmimi təbriklərimi çatdırır, partiyanın işinə bundan sonra da müvəffəqiyyətlər, qardaş Türkiyə dövlətinə və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".