BAKI, 7 oktyabr — Sputnik. Amerika hakimiyyətinin sərəncamında Ağ Evin Ukraynaya dəstək üçün istifadə edə biləcəyi, təxminən yeddi milyard dollar qalıb.
"TASS" xəbər verib ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
"Ukraynaya yardım üçün ayrılan vəsaitlərin yenidən hesablanması sayəsində 5,4 milyard dollardan bir qədər çox pulumuz var", - deyə Rayder dəqiqləşdirib.
Onun sözlərinə görə, xərclənənlərin bərpası üçün daha 1,6 milyard dollar qalıb. Mətbuat katibi əlavə edib ki, bu vəsaitlərin xərclənməsinin tezliyi Ukrayna tərəfinin spesifik ehtiyaclarından asılıdır.
Departamentin nümayəndəsi, həmçinin qeyd edib ki, o, bu vəsaitin Kiyevə "ATACMS" taktiki raketlərini çatdırmaq üçün kifayət edib-etmədiyini deyə bilməz. Hələlik belə bir qərar verilməyib.
Bundan əvvəl Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Ukrayna Prezidenti Vladimir Zelenskinin dövlətin maliyyələşdirilməsi ilə bağlı müraciətlərini biabırçılıq adlandırıb.
Qeyd edək ki, şərhçi Hel Brends də ABŞ-ın Kiyevə yardımdan imtina edəcəyi təqdirdə Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə hücum əməliyyatı həyata keçirə bilməyəcəyi barədə fikir bildirib.