BAKI, 7 oktyabr - Sputnik. Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Bu barədə GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, GHİM-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin oktyabrın 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.
Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.
Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü 2.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.