BAKI, 6 oktyabr - Sputnik. Milli Məclisin iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.
Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib. O, daşınar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərəsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə oldunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib.
Komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsinin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.