BAKI, 6 oktyabr - Sputnik. Avropa Parlamentinin qərəzli qətnaməsi onun fəaliyyətini və varlığını şübhə altına qoyur.
Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin oktyabrın 6-da keçirilən iclasında Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə və qəbul etdiyi qətnaməyə münasibət bildirərkən səsləndirib.
Deputat Avropa Parlamentinin belə siyasət yürütməsindən təəssüfləndiyini bildirib və qeyd edib ki, onların qəbul etdiyi qətnamə və qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur.
“Azərbaycan bütün təzyiqlərə baxmayaraq, güclənməkdə və öz haqqlarını müdafiə etməkdə davam edəcək”, - deyə Aydın Mirzəzadə vurğulayıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da çıxış edərək bildirib ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kimin və neçəyə danışdırdığı bizə bəllidir.
Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin sayəsində Qafqaz sülhə heç vaxt olmadığı qədər yaxındır: "Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur".
"Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir. Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, "hər kəs öz işi ilə məşğul olsun və bizim səbrimizlə oynamasınlar". Hər bir halda itirən biz olmayacağıq. Heç kim bizim Prezidentin iradəsinə təsir edə bilməz. Vətən müharibəsində bizə məğlub olanlar bundan sonra mübarizədə israrlı olacaqlarsa, məğlubiyyətlər seriyasına hazır olmalıdırlar", - deputat əlavə edib.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli çıxış edərək bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəssüf hissi doğursa da, bizi təəccübləndirməməlidir.
"Biz bu boz üzləri, nimdaş sifətləri 30 ildən artıqdır görürük. Biz son addımlarımızla da onları çox çətin duruma salmışıq. Təbii ki, bu da nəticəsiz ötüşə bilməzdi. Cənubi Qafqaz siyasətində çox biabırçı məğlubiyyətə düçar olan Fransa və onun rəhbərliyi Azərbaycana qarşı münasibətini bu cür ifadə etdi. Çünki əlindən başqa nə gələ bilər? Qərəzli qətnamə yalnız Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq”, - o qeyd edib.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Fransa başda olmaqla, bir sıra ölkələr Azərbaycanın öz suveren ərazilərini tam bərpa etməsi ilə barışa bilmir. Bu, onların problemidir.
Avropa Parlamentinin qəbul etdiyi qətnamə və qərarların ölkəmiz üçün zərrə qədər əhəmiyyəti olmadığını qeyd edən Vahid Əhmədov bu qurumun qərəzli mövqeyinin Azərbaycan üçün təəccüblü olmadığını deyib.
Bildirilib ki, Ermənistan vaxtilə Azərbaycan əhalisinə qarşı etnik təmizləmə apardığı halda, ölkəmizin Qarabağı öz xoşu ilə tərk edən mülki əhaliyə qarşı humanist münasibəti hər kəsə məlumdur.
Vahid Əhmədov vurğulayıb ki, Azərbaycanı ədalətli mövqeyindən heç bir qüvvə döndərə bilməz.