İQTİSADİYYAT

Azərbaycana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilib: Ekspertlər nə düşünür?

İqtisadçının fikrincə, ticarət zamanı dollardan istifadə dünyada ölkələr üçün problemlər yaradır. Birbaşa mill valyutalarımız ilə ticarət aparsaq bu, iqtisadi dayanıqlığı artıracaq.
Sputnik
BAKI, 6 oktyabr — Sputnik. Azərbaycana Rusiyanın valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Başqa sözlə, Rusiya hökuməti ölkənin valyuta ticarətində iştirak edə biləcək dövlətlərin siyahısını təsdiqləyib. Siyahıya 30-dan çox ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.
Rusiya hökuməti bildirib ki, xarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiyanın valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.
"Bu addım dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib", – deyə hökumət qeyd edib.
Ekspertlər Rusiyanın bu addımını müsbət hesab edirlər...
Məsələni şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, sanksiyalar fonunda Rusiya öz milli valyutasını təşviq edir və dollardan asılılığı azaltmaq üçün tədbirlər görür:
"Rusiya bir sıra ölkələrə, xüsusən də Çinə, Hindistana nefti rubl ilə satmağa çalışır. Milli valyuta mübadiləsini artırmaq istəyən Rusiya öz valyuta bazarında bir çox ölkələrin iştirakında maraqlıdır. Dollardan asılılığın aradan qaldırılması üçün Rusiyanın bu addımını müsbət hesab edirəm. Bu, iki ölkə arasında iqtisadi münasibətlərin artırılması üçün geniş imkanlar yaradacaq. Rusiyada valyuta bazarı texniki baxımdan tədricən təkmilləşəcək və Azərbaycanın kredit təşkilatları və brokerləri də buradan faydalana biləcək. Bir sıra məhsulların alqı-satqısında bizim də rubla ehtiyacımız var və belə platformanın yaranması müsbət haldır".
"Ticarət zamanı dollardan istifadə dünyada ölkələr üçün problemlər yaradır. Dünyada baş verən hadisələrin dollara təsiri məsələn, Azərbaycanın Rusiyadan aldığı buğdanın qiymətində özünü göstərir. Amma birbaşa mill valyutalarımız ilə ticarət aparsaq bu, iqtisadi dayanıqlığı artıracaq. Milli valyutalarla hesablaşmalar region ölkələri üçün də müsbətdir"-, deyə ekspert əlavə edib.
"Azərbaycan-Rusiya əlaqələri genişlənir"
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Mənsur Bərxudarov da Sputnik Azərbaycan-a açıqlamasında Rusiyanın bu addımını müsbət qiymətləndirib. O bildirib ki, xüsusilə Avrasiya məkanında olan ölkələrin qlobal trendlər kontekstində zəruri addımlar atması lazım gəlir:
"Hazırda dünyada regionlaşma prosesi güclənir. Regiondaxili ölkələr arasında ticarət artımı müşahidə olunur, regional investisiya əməkdaşlığı güclənir, regionda iqtisadi inteqrasiyanı sürətləndirəcək layihələrin həyata keçirilməsi genişlənir. Bu qlobal trendlər kontekstində Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsi, regional layihələrə qoşulma nəticədə iqtisadi aktivliyi gücləndirir. Azərbaycana Rusiyanın valyuta bazarında ticarət etməyə icazə verilməsi iqtisadiyyatımıza müsbət təsir göstərəcək".
"Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr arasında əlaqələr genişlənir"
Postsovet məkanında gedən trendlərə gəlincə, ekspert diqqətə çatdırıb ki, hazırda Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələr arasında əlaqələr genişlənir: "Eyni zamanda Avrasiya İqtisadi İttifaqı ilə digər dövlətlərin qarşılıqlı ticarəti və investisiya əməkdaşlığı artır. Nəticədə bu, iqtisadi artıma öz təsirini göstərəcək".
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi durmadan artır. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2,8 milyard dollar olub. Bu göstərici 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 26,8 faiz çoxdur. Cari ilin 8 ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 7,9 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Xatırladaq ki, keçən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib.
İQTİSADİYYAT
Ekspert: “Azərbaycan çayı ölkəyə valyuta gəlməsinə şərait yaradacaq”