RUSİYA

Putin: Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və məsələ bitib

Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyini vurğulayan Putin qondarma rejimin liderlərinə qarşı Azərbaycan rəhbərliyinin humanist davranacağına ümid edir.
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini qeyd edib:

“Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan tərəfindən saxlanılan Qarabağ separatçılarının liderlərinin taleyi ilə bağlı sualı da cavablandırıb.
"Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib" - Putin moderator Fyodor Lukyanovun “Azərbacan rəhbərliyi çox sərt şəkildə Qarabağın keçmiş rəhbərliyini “təmizləyir”. Orada Rusiyaya yaxşı məlum olan insanlar var. Misal üçün Ruben Vardanyan. Biz Azərbaycan rəhbərliyini mərhəmət göstərməyə çağıra bilərikmi?” sualına cavabında bildirib.
“O, (Vardanyan-red.) bizim vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman o, məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq” - deyə Rusiya prezidenti vurğulayıb.