DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kosmik tullantılara görə dünyada ilk cərimə tətbiq edilib

"Dish Network" şirkəti ABŞ Federal Rabitə Komissiyasına (FCC) 150 min dollar cərimə ödəməli olacaq.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın "Dish Network" şirkəti köhnə peyki lazımi qaydada utilizasiya edə bilmədiyi üçün kosmos tullantıları ilə mübarizə müqaviləsi çərçivəsində ABŞ Federal Rabitə Komissiyasına (FCC) 150 min dollar cərimə ödəməli olacaq.
Bu barədə "aif.ru" xəbər verib.
EchoStar-7 peyki 2002-ci ildə "Dish Network" tərəfindən geostasionar orbitə buraxılıb. On il sonra şirkət peykin fəaliyyətinin sonunda Yerdən daha 300 kilometr yüksəkliyə qaldırılacağı və əbədi qalacağı barədə sənədlərə imza atıb. Bununla belə, peykin dəfn orbitinə köçürülməsi üçün son tarix yaxınlaşanda məlum olub ki, onun manevri başa çatdırmaq üçün kifayət qədər yanacağı yoxdur – malik olduğu yanacaq onu yalnız geostasionar orbitə nisbətən 122 kilometr qaldırmağa kifayət edir. Bu, gələcəkdə yeni kosmik peyklərin buraxılması üçün problemlər yarada bilər.
"Hazırda minlərlə metrik ton orbital zibil var və bu miqdar artmağa davam edəcək. Biz bu problemi həll etməliyik. Çünki bunu etməsək, bu kosmik zibil yeni imkanları məhdudlaşdıra bilər", - deyə "FCC"in sədri Cessika Rozenvorsel hələ keçən il bəyan edib.
Hazırda isə Federal Komissiya bunların sadəcə söz olmadığını və Yerə yaxın məkanın təmizliyi üçün həqiqətən mübarizə aparmaq niyyətində olduğunu nümayiş etdirmək qərarına gəlib.