BAKI, 5 oktyabr - Sputnbik. "Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır".
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında bildirib.
“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir".
Prezidentin köməkçisi onu da vurğulayıb ki, Azərbaycan həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı olub.
"Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyildir" - o, bildirib.
Hacıyev əlavə edib ki, Azərbaycan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır.
"Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik” - o, qeyd edib.