İQTİSADİYYAT

Azərbaycanın qeyri-neft sektoruna 200 milyard dollara yaxın pul qoyulub

Son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-neft sektorunun payına düşüb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Millət vəkilinin sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb: "Dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox artıb, Azərbaycanın xarici ticarət dövriyyəsində isə 10 dəfə artım qeydə alınıb".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin xəbərinə görə, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 % az sənaye məhsulu istehsal edilib. Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 6 % artıb.
Sənaye məhsulunun 68,6 %-i mədənçıxarma sektorunda, 26,2 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.