BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan səfiri Nazim Səmədov etimadnaməsini Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təqdim edib.
Mərasim Mərakeşin paytaxtı Rabat şəhərindəki Kral sarayında baş tutub.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Mərakeş Kralına çatdırıb, Azərbaycanın Mərakeş üçün dost və qardaş ölkə olduğunu vurğulayıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini əlavə edib.
Mərakeş Kralı da öz növbəsində salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Qeyd edək ki, Nazim Səmədov 2 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini və 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə doktoranturaya qəbul edilib və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini alıb`.
1999–2001-ci və 2004-cü illərdə Fransız Elmləri Beynəlxalq İnstitutunda, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunda və France İnternationale Radiosunda təcrübə keçib. 2000–2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləyib.
2004–2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2006–2011-ci illərdə yeni yaradılan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsində işləyib.
2009–2011-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın katibi olub.
Azərbaycan Respublikası ilə Litva Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Rumıniya, Monteneqro və Koreya Respublikası arasında hökumətlərarası komissiyalarının üzvüdür. GUAM ölkələrinin mədəniyyət və turizm üzrə işçi qrupunun koordinatorudur (2013–2015).
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür (2013–2016, 2018-ci ildən indiyədək).
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyasının üzvüdür (09 mart 2017-ci il tarixindən).
BMT-nin Dünya Turizm Təşkilatının Turizm Etikası üzrə Konvensiyanın hazırlanması ilə bağlı 25 aprel 2016-cı il tarixində yaradılmış Beynəlxalq İşçi qrupunun, daha sonra isə Ad Hok Komitənin sədri vəzifəsinə seçilib. 2017-ci ilin sentyabr ayında BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş Turizm Etikası üzrə Konvensiya təşkilatın ilk hökumətlərarası saziş olub.
2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Turizm Şurasının Katibliyinin rəhbəri təyin edilib.
2018-ci ilin fevral ayından Milli Turizm Təbliğat Bürosunun Müşahidə Şurasının sədri.
2011–2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.
2018–2022-ci illərdə Azərbaycan Respublikasının Vergilər Nazirliyində (daha sonra Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində) Aparat rəhbəridir.
2022-ci ilin fevral ayından indiyədək Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviridir.
Ailəlidir, iki qızı və bir oğlu var.