CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xoşbəxt Yusifzadə Fəxri Xiyabanda dəfn edilib

Vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.
Sputnik
BAKI, 4 oktyabr - Sputnik. SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dəfn olunub.
Əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında mərhumla vida mərasimi keçirilib.
Vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.
Vida mərasimindən sonra mərhumun cənazəsi Fəxri xiyabana aparılıb və dəfn olunub.
10:45
SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi bu gün saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında olacaq.
Bu barədə SOCAR məlumat yayıb.
Vida mərasimindən sonra Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq.
03.10.23, 22:57
Xoşbəxt Yusifzadə vəfat edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
Akademik 93 yaşında vəfat edib.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirib və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı "Dövlətxüsusineftlayihə" kontorunda başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft" Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışıb. 1954-cü ilin mart ayında "Gürganneft" trestinin (indiki "Neft Daşları" NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınıb. X. B. Yusifzadə 1958–1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959–1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib.
1960-cı ilin sentyabrında o, Sov. İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş "Gurganneft") rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışıb. 1963-cü ildən 1970-ci ilədək "Başdənizneft" İdarəsində baş geoloqun müavini — şöbə rəisi, "Dənizneft" İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi — baş geoloqun müavini olub.
1970–1992-ci illərdə "Xəzərdənizneft" Birliyinin, "Xəzərdənizneft" İstehsalat Birliyinin, Ümumittifaq "Xəzərdənizneftqazsənaye" Birliyinin, "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləyib.
1992–1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.