BAKI, 4 oktyabr — Sputnik. Hazırkı Qərb liderləri çox gəncdirlər, keçmişi unudublar və texnokratik baxışların ağırlığı altındadırlar. Onlar Rusiyanın mövcud olduğu müddətdə həmişə Avropa üçün oynadığı müsbət rolu unudublar.
Bunları Fransa lideri Şarl de Qollun nəvəsi Pyer de Qoll Valday Beynəlxalq Diskussiya Klubunun 20-ci iclasında çıxışı zamanı bildirib.
Daha sonra Pierr de Qoll Rusiyanın Fransa və digər Qərb ölkələri üçün əhəmiyyətindən danışıb. Onun fikrincə, Qərb öz ənənələrindən imtina etdikdən sonra Rusiya, Qərb ənənlərinin sığınacaq yeri olaraq qalır.
"Rusiya ilə Fransa arasında mədəni əlaqələr həmişə çox dərin olub. Sizin liderlərinizdən biri mənə dedi ki, Fransa Rusiya üçün Avropanın ən mühüm dövlətidir. Atam admiral de Qoll deyirdi ki, biz Rusiyadan ayrılmamalıyıq. Amma hazırda Amerika siyasəti ucbatından biz sivilizasiyalararası münaqişənin astanasındayıq. Aydın başa düşmək lazımdır ki, Ukraynadakı hazırkı münaqişə ideoloji xarakter daşıyır, ona görə də Qərb Qlobal Cənub ölkələrindən dəstək görmür", - deyə Pierr de Qoll sözünə davam edib.
"Rusiyalıları öz yolundan döndərmək çox çətindir. Bu, ənənə və yaddaş diyarıdır. Qərb isə dağıdıcı istehlak sivilizasiyasına çevrilib. Qərb sonsuz sayda bürokratların idarə etdiyi sivilizasiyaya çevrilib. Biz inanc böhranı görürük. Qərbdə insanlar imandan yuxarı qalxmağa və ruhu unutmağa çalışırlar və bu, bizi yalnız zəiflədir. Bu gün sivilizasiyamız istehlaka əsaslanır, beynəlxalq müqavilələrə əməl olunmur, rusiya mədəniyyətini unudub məhv etmək cəhdləri var. Əminəm ki, bu cəhdlər heç nə ilə nəticələnməyəcək. Rusiya ənənələrin sığınacağına və Qərbin ənənəvi ideallarının qalasına çevrilib. Rusiya bizi xilas edəcək. Mən aramızda sülhə inanıram, mən sağlam düşüncəyə inanıram, diplomatiyanın qələbə çalacağına inanıram", - deyə Pyer de Qoll sözünü yekunlaşdırıb.