BAKI, 4 oktyabr — Sputnik. Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan mediasına verdiyi müsahibəsində yer almış qərəzli mövqeyini, xüsusilə Azərbaycanın suveren ərazilərinə "uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi" kimi düşük fikirlərini kəskin şəkildə qınayır.
Bu fikir Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı açıqlamada yer alıb.
Açıqlamada, həmçinin deyilir:
"T.Klaar və digər Avropa İttifaqı rəsmilərindən Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc, düşmən açıqlamalar verməməyi tələb edirik. Azərbaycanın suveren ərazilərinə hansısa missiyanın yerləşdirilməsi T.Klaar və ya digərlərinin səlahiyyətində və həddinə deyil. İkili standartların bariz nümunəsi olan Avropa İttifaqının Azərbaycana mühazirə oxumaq üçün mənəvi əsası yoxdur. Qoy T.Klaar Avropa İttifaqının təsisatlarına etnik azlıqlarla problemlərin yaşandığı Avropa İttifaqı ölkələrinə və monoetnik Ermənistana uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi barədə tövsiyyələr versin.
Müsahibəsində gen-bol erməni sakinlərin Qarabağa qayıtmasının, onların dini, mədəni abidələrinin mühafizəsinin vacibliyini vurğulayan T.Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından, Azərbaycan xalqının Ermənistandakı mədəni irsinin qorunmasından bəhs etməməsi, Xocalı cəlladlarının saxlanılmasından narahat olması riyakarlıqdır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar 30 ildən çoxdur ki, öz vətənlərinə qayıdışı gözləyirlər. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Avropa İttifaqı bu məsələyə dair mövqeyini ictimai şəkildə bəyan etməyib.
T.Klaar "Mənim üçün Dağlıq Qarabağ məsələsi bağlı deyil" sözləri ilə Xocalı cəlladı Serjik Sarqsyanın bu günlərdə verdiyi oxşar açıqlamasını xatırladır. Avropa İttifaqı rəsmisinin diqqətinə çatdırırıq ki, özünün suverenliyini bərpa etmiş Azərbaycan üçün Qarabağ məsələsi bağlıdır və digərləri üçün bu məsələnin hələ açıq qalması yalnız onların fantaziyasının məhsuludur.
Məsələlərə etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya əsasında yanaşılması Avropa İttifaqı üçün utanc olmalıdır.
Biz Avropa İttifaqından ayrı-seçkiliyə son verməyi, insanların ləyaqətləri və hüquqları etibarilə bərabərliyi prinsipinə hörmət etməyə və Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq mexanizm çərçivəsində, müvafiq təhlükəsizlik zəmanəti altında təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək verməyi tələb edirik".
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da yerli xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
12:44
Qərbi Azərbaycan İcması Fransa xarici işlər nazirinə cavab verib
Fransanın xarici işlər nazirinin Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar, o cümlədən Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqının missiyasının mandatının gücləndirilməsi barədə fikirləri rəsmi Parisin Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu, Ermənistanı militarizmə və revanşizmə sövq etdiyini göstərir.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
Bildirilib ki, 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, 1 milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransanın indi Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışması riyakarlığın klassik nümunəsidir.
Qeyd edilib ki, "Azərbaycana qarşı "Ermənilər Qarabağdan güc tətbiq olunması təhlükəsinə görə çıxdılar" kimi iftira atan fransız nazir nədənsə ölkəsinin soyqırımlar, irqçiliklə dolu utancverici tarixini, hələ də başqa xalqları müstəmləkə asılılığında saxlamasını "unudur".
"İnanırıq ki, Afrikada biabırcasına məğlubiyyətlərə düçar olan Fransanın dini təəssübkeşliyə və Azərbaycanofobiyaya və islamofobiyaya əsaslanan Cənubi Qafqaz siyasəti də iflasa uğrayacaq", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Fransa xarici işlər nazir Katerin Kolonna Ermənistana səfərə gedib.
Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib ki, Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşıb.
"Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Hələlik bu barədə ətraflı danışa bilmərəm", - Kolonna qeyd edib.
Fransalı nazir həmçinin deyib ki, o, Avropa diplomatiyasının rəhbəri Cozef Borelə Aİ-nin Ermənistandakı mülki missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib. O, Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil olmasını təklif edib.