TƏHLİL

Keçmiş XİN rəhbəri Azərbaycanın Qranada görüşündən imtinasının səbəblərini şərh edib

Tofiq Zülfüqarov vurğulayıb ki, Fransanın proseslərdə iştirak etmək niyyətini vasitəçilik kimi qəbul etmək lazım deyil.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. "Biz Avropa İttifaqının vasitəçiliyini yox, xoşməramlı xidmətlərini qəbul etmişik. Amma eyni zamanda görmüşük ki, Fransa diplomatik etiketlərdən uzaq şəkildə proseslərdə öz iştirakını təmin edib. Görünür, Fransa Qranada görüşü ilə bağlı da eyni addımı atmağa cəhd göstərib, amma bu, Azərbaycan üçün qəbuledilməz olub və planlaşdırılan görüşə marağını itirib".
Bunu Sputnik Azərbaycan-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov prezident İlham Əliyevin Qranadada keçirilməsi planlaşdırılan beştərəfli görüşdən imtinasını şərh edərkən deyib.
Qeyd edək ki, Azərbaycanın İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdə iştirak etməyəcəyi açıqlanıb. Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirak etməsi ilə bağlı fikir ayrılığıdır.
Keçmiş XİN rəhbəri xatırladıb ki, Azərbaycan-Ermənistan arasında sülh prosesləri ilə bağlı digər təkliflər də mövcuddur. Bu baxımdan Avropa, o cümlədən Fransa hazırda seçdikləri yanaşmanın qurbanı olacaqlar.
"Bu gün Azərbaycan və Türkiyə tandem şəklində çıxış edirlər. Türkiyə müttəfiqimiz olduğu üçün görüşlərdə təmsil olunmağını tələb etməyimiz də normal qarşılanmalıdır. Yəni, söhbət burada Azərbaycana qarşı olanların sayından getmir. Sülh masasında Azərbaycana qarşı olanlar çox olsalar da, onlar Azərbaycan Prezidentinin iradəsini dəyişdirmək iqtidarında deyillər və bu, onlara müyəssər olmayacaq. Ermənistanın hansısa şərtlərinin Azərbaycana yeridilməsinə cəhdlər bizim üçün qəbuledilməzdir" - Zülfüqarov edib.
O vurğulayıb ki, Fransanın proseslərdə iştirak etmək niyyətini vasitəçilik kimi qəbul etmək lazım deyil:
"Çünki Azərbaycan bu vasitəçiliyə heç vaxt icazə verməyib. Fransanın öz siyasəti var və bu siyasət təkcə Azərbaycanla deyil, bölgənin digər dövlətləri İran və Rusiyanın mövqeləri ilə ziddiyyət təşkil edir. Açıq desək, ABŞ da Frasanın və onun timsalında Avropa İttifaqının Cənubi Qafqazdakı fəallığını dəstəkləmir. Onların arasında da ziddiyyətlər var. Bu baxımdan, Azərbaycan Fransanın diplomatik etiketdən uzaq təkidlərini qəbul edilməz saydığı üçün Qranada görüşü ilə bağlı öz mövqeyini ortaya qoyub".
Zülfüqarovun sözlərinə görə, Avropa İttifaqının daxilində hansı ölkənin liderlik etməsi ilə bağlı mübarizə gedir. Fransanın uğursuzluğu gözəçarpacaq şəkildə olduğu üçün indi Almaniyanı qabağa veriblər.
"Biz görürük ki, bunların mövqeyi bir-birindən fərqlənmir. Amma Azərbaycan tam suveren ölkə olduğu üçün öz siyasətini istədiyi kimi aparır. Əminəm ki, Azərbaycanın Aİ daxilindəki müttəfiqləri ölkəmizə qarşı həmlələrə layiqli cavab verəcəklər" - sabiq XİN başçısı əlavə edib.