CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə terrorunda iki gözünü itirən ananın tük ürpədən arzusu -VİDEO+FOTO

Adıçəkilən terror hadisəsi Pərvini təkcə dünya işığına həsrət qoymayıb, o, ailəsindən də ayrı düşüb.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Hər il oktyabr ayında o məşum günü xatırlayır - onu dünya işığına həsrət qoyan terror hadisəsini. "Özümə ildə bir dəfə kədərlənməyə icazə verirəm", - deyir. Pərvin Qasımova Ermənistanın Gəncəyə atdığı raket nəticəsində iki gözünü itirib. O, Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində insanlıq əleyhinə törədilmiş Gəncə terrorunun onun həyatına təsirindən bəhs edib.
Gözlərini itirdiyi Gəncəyə qayıtmaq Pərvin üçün çox ağırdır
Bizi qapıda Pərvinin anası İradə Qasımova qarşılayır. Gəncə terrorundan sonra Bakıda yaşayan Qasımovlar ailəsi Gəncəyə qayıtmağın Pərvin üçün çox çətin olduğunu söyləyir. İ.Qasımova deyir ki, ailənin tək övladı olan Pərvin gözlərini Gəncədə itirdiyinə görə, Bakıda yaşamaq qərarını veriblər.
Pərvin Qasımova
Hər il çətin də olsa o günlərə geri dönən Pərvin Qasımova oktyabr ayı gələndə qəribə əhval-ruhiyyədə olduğunu söyləyir:

"Çalışıram başıma gələnləri yadıma salmayım. Amma keçmişi də unutmaq olmur. Gəncədə arzularım böyük idi. Öz ailəm, övladlarımla bağlı çoxlu xəyallar qurmuşdum. Düşmənin atdığı raketlə arzularım ürəyimdə qaldı".

İki gözünü itirməsinə rəğmən həyata nikbin baxan P.Qasımovanın indi yeni arzuları var:
"Gözünə yenidən nurun gəlməsi, yazdığı romanının çap edilməsi:
Pərvin Qasımova

"Çalışıram kədərlənməyim. Amma özümə ildə bir dəfə kədərlənməyə icazə verirəm. Bəzən düşünürəm ki, bəlkə mağazadan gec çıxsaydım, bu faciə başıma gəlməzdi. Təəssüf ki, keçmişi geri qaytarmaq olmur".

P.Qasımova deyir ki, terror hadisəsi baş verən gün anasıgildə olub. Atasının doğum gününü təbrik etməyə gələn Pərvin oktyabrın 4-də getməyə hazırlaşırmış:
"Çörək almağa getmişdim. Böyük qızım məndən bulka istəmişdi. Bulka gec hazır olacağından evə gəldim. Kaş ki, orada gözləyəydim. Səhər yeməyini yeməmişdik. Axşama evə getməli olduğumuzdan uşaqların paltarlarını yığışdırmaq üçün yataq otağına keçdim. Anam da mənə kömək üçün həmin otağa gəldi. Uşaqlar, anam, hamımız bir otaqda idik. Mən paltarları yığışdırarkən səs eşitdim. Səsin haradan gəldiyini dəqiqləşdirmək üçün pəncərəyə yaxınlaşdım. Bu zaman qorxunc gurultu səsindən sonra yaranan güclü zərbədən yıxıldım. Ondan sonra nə baş verdiyini xatırlamıram".
Pərvin Qasımova
Pərvin ayılanda qollarının üstünə çarpayının düşdüyünü, ətrafın zülmətə büründüyünü görür:

"Elə bildim ki, pis bir yuxu görürəm. Başıma gələnlərin reallıq olduğunu ağlıma sığdıra bilmirdim. Anamın ətrafdan kömək istədiyini eşidəndə yavaş-yavaş özümə gəldim".

P.Qasımova hadisə zamanı anasının da gözünə şüşə qırıntılarının düşdüyünü, ayaqlarının zədə aldığını söyləyir:
"Şükür edirəm ki, qızlarım xəsarət almadı. Mənim əlimin vətəri kəsildi, iki barmağımı çətinliklə idarə edirəm. Bədənimdə qəlpə qalıb, çənəmdə sınıq var. Burnumda qırıqlar var, dişlərimin bir çoxu qırılıb. Alnımdakı yaraları əməliyyat nəticəsində aradan qaldırıblar. Ən böyük zərəri isə gözlərimdən almışam və iki gözümü itirmişəm. Sağ gözümün bərpa olunmasına bir az ümid var, amma bunu zaman göstərəcək".
Gəncə terroru Pərvini təkcə dünya işığına həsrət qoymayıb. O ailəsindən də ayrı düşüb:

"Gözəl ailəmiz vardı. Mən gözlərimi itirdikdən sonra özüm könüllü həyat yoldaşımdan ayrıldım. Çünki, mənim artıq xüsusi qayğıya ehtiyacım var. Məhkəmənin qərarı ilə qızlarımdan balacası mənim, böyük isə atasının yanında qaldı".

Hazırda kiçik qızı Nərminlə anasının yanında qalan Pərvin Qasımova böyük qızı ilə də ara-sıra görüşdüyünü deyib.
Pərvin Qasımova
Həyata nikbin baxan P.Qasımova hazırda roman yazdığını söyləyir. Deyir ki, həyatda iki böyük arzusu var:
"Biri gözlərimin açılması, digəri yazdığım romanımı çap etdirmək".
Övladlarını iki il öncə görən P.Qasımova gözlərinin açılmasını da ən çox övladlarını görmək üçün istəyir. Pərvinin özü ilə qalan qızı iki yaş yarımlıq balaca Nərmin anasının başına gələnləri hələ dərk etmir. Anasının əlindən tutaraq onu həyətə düşürməyə çalışır. Pərvin Qasımovanın ürəyi isə bir gün övladının əlindən tutub onu parkda gəzdirmək, saçlarını darayıb bağçaya aparmaq ümidilə döyünür...
Xatırladaq ki, Vətən Müharibəsi dövründə Gəncəyə Ermənistan tərəfindən ilk hücum 4 oktyabrda baş verib və bu zaman 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb.
Ümumilikdə isə düşmən ordusu Gəncə şəhərinə 2020-ci ilin oktyabr ayı ərzində 5 dəfə raket zərbələri endirib. Nəticədə Gəncənin 27 dinc sakini həlak olub, 125 sakini isə müxtəlif dərəcəli xəsarətlər aldı. Yaşayış binaları, ticarət obyektləri, məktəblər dağıdılıb.