MƏDƏNİYYƏT

Ermənistan Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb - Dövlət Xidməti

Monastırın divarındakı yazılardan məlum olur ki, bu abidə Alban şahzadəsi Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində, dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir.
Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, monastırın divarındakı yazılardan məlum olur ki, bu abidə Alban şahzadəsi Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.
"İşğal dövründə abidə erməni vandalizminə məruz qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçı ölkə memarlıq abidəsinin üzərində qanunsuz "təmir-bərpa" işləri aparılıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.