SƏHİYYƏ

Bu zərərli vərdiş 200-dən çox xəstəliyin yaranmasına səbəb olur - Nazirliyin mütəxəssisi

Fizzə Baxışova bildirib ki, spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliyin yaranmasının başlıca faktorudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada spirtli içkilərin zərərli təsirindən hər il təqribən 3 milyon insan dünyasını dəyişir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova bildirib.
Onun sözlərinə görə, alkoqol asılılığın formalaşması fərqli olub, şəxsin psixi və fiziki vəziyyətindən asılıdır:
"İlk mərhələdə orqanizm alkoqolun toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma məhsullarının uzun müddətli qanda olması sonradan beyin toxumasına təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə fiziki asılılıq yaranır.
İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs özünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün bu hisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradan qalxdıqdan sonra azalır.
Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığının inkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol haqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bu mərhələ psixi asılılıq dövrünə təsadüf edir.
Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Bu zaman əsas əlamətlər əldə titrəmə, baş ağrısı, əmək qabiliyyətinin azalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtli içkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidən asılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur.
Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox xəstəliklərin yaranmasının başlıca faktorudur. Spirtli içkilərin tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə, alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə, miokard infarktına, stenokardiyaya gətirib çıxarır.
Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol qaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdə hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir, pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib çıxardır.
Alkoqol istehlakı təkcə fərdin sağlamlığına deyil, onun daxili orqanlarını və bədən sistemlərini məhv etməklə yanaşı, bütövlükdə cəmiyyətə də neqativ təsir göstərir. Spirtli içkilərin sistematik qəbulu, hətta epizodik belə insan sağlamlığına, ailədə konfliktlərə, hətta bəzi ailələrin dağılmasına gətirib çıxarır. Daimi spirtli içki qəbulu ağır intoksikasiyaya, xronik xəstəliklərin yaranmasına səbəb olur. Alkoqol təsiri altında insanlar cəmiyyət qarşısında məsuliyyət hissini itirir. Nə qədər spirtli içki qəbulu yüksək olur, o qədər də asosial davranışlar artır. Bunlardan ən təhlükəlisi sərxoş vəziyyətdə maşını idarə etməkdir".