İQTİSADİYYAT

Azərbaycanda ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin sayı artırılıb

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin adı dəyişdirilərək Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi olub.
Sputnik
BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Dövlət Gömrük Komitəsinin ərazi gömrük idarələrinin sayı artırılaraq 10-a, ixtisaslaşdırılmış gömrük idarələrini sayı isə 4-ə çatdırılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi ləğv edilib, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi, Tovuz Gömrük İdarəsi yaradılıb.
Eyni zamanda Komitənin ixtisaslaşdırılmış gömrük idarələrinin siyahısına Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi əlavə edilib. Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin adı dəyişdirilərək Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi olub.