BAKI, 3 oktyabr — Sputnik. Ümumi bazarın mövcudluğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan dövlətlərə ötən il dəyişən xarici şəraitə daha yaxşı uyğunlaşmağa imkan verib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatında deyilir.
Belə ki, məlumatlara görə, mövcud xarici geosiyasi şərait və iqtisadi məhdudiyyətlərin fəal tətbiqi ilə əlaqədar olaraq, üzv dövlətlər AİK ilə birlikdə daxili bazarın qorunmasına və fəaliyyətinin təmin edilməsinə yönəlmiş gömrük, gömrük-tarif və qeyri-tarif tənzimləmə tədbirləri hazırlanıb və qəbul edilib.
Bundan əlavə, Aİİ ölkələri sənaye kooperasiyasının inkişafına kömək etməyə, üçüncü ölkələr və inteqrasiya birlikləri ilə beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra tədbirlər həyata keçirib.
"2022-ci ilin ikinci yarısında Aİİ iqtisadiyyatı aşağı tənəzzül həddini keçib, iqtisadi fəallığın 2023-cü ildə bərpa olunacağı gözlənilir. İqtisadi artımın bərpa edilməsi üçün ilkin şərtlər investisiya aktivliyinin müsbət dinamikasının qorunub saxlanması, əhalinin gəlirlərinin və əmək haqlarının artması, kredit şərtlərinin tədricən yumşaldılması və iqtisadiyyatın kreditləşdirilməsinin artırılması, əmək bazarındakı əlverişli vəziyyətdir", - AİK-in hesabatında deyilir.
Bundan əlavə, bu amillər 2023-cü il ərzində daxili tələbatın bərpasına kömək edəcək. İqtisadi siyasətin əsasən stimullaşdırıcı xarakter daşıması gözlənilir.
"Üzv dövlətlərin iqtisadiyyat nazirliklərinin proqnozlarına uyğun olaraq, ümumi ÜDM-in artım tempi müsbət sahəyə qayıdacaq və 2023-cü ilin nəticələrinə görə 1,6%-ə, 2024-2025-ci illərdə isə müvafiq olaraq 2,7% və 2,9%-ə çatacaq", - deyə AİK-in analitikləri hesab edirlər.
İqtisadiyyatların yeni fəaliyyət şəraitinə uyğunlaşması Belarus və Rusiyada iqtisadi artımın bərpasına kömək edəcək.
Hesabata görə, 2022-ci ildə Aİİ-yə üzv olan ölkələrin milli valyutalarında hesablaşmalara keçid sürətlənib. Belə keçid valyuta risklərini minimuma endirmək və idxal olunan inflyasiyanın ittifaqın daxili bazarına təsirini azaltmaq üçün bir tədbirdir.
"2022-ci ildə Belarus, Qazaxıstan və Qırğızıstanda qarşılıqlı hesablaşmalarda milli valyutaların payının əhəmiyyətli dərəcədə artması müşahidə olunub. Rusiyada 2020-2021-ci illərdə milli valyutalarda qarşılıqlı ödənişlərin payı 70%-dən çox səviyyədə sabitləşib", - hesabatda qeyd edilib.