BAKI, 3 oktyabr — Sputnik. Moskvada noyabrın 1-də keçiriləcək "Dəyişən dünyada medianın inkişafı" adlı ikinci forum Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyətinin və fəaliyyət perspektivlərinin təhlilinə həsr olunacaq. Tədbir Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə "Rossiya seqodnya" Beynəlxalq Media Qrupu tərəfindən təşkil olunub.
Forumda "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov, Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiya Komitəsinin rəhbəri Aleksandr Xinşteyn, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov, "Rossutrudniçestvo"nun rəhbəri Yevgeni Primakov, İnternetin İnkişafı İnstitutunun rəhbəri Aleksey Qoreslavski, Təhlükəsiz İnternet Liqasının direktoru, İtkin Düşmüş və Yaralı Uşaqlara Yardım Milli Mərkəzinin icraçı direktoru Yekaterina Mizulina, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yelena Vartanova, Ali İqtisadiyyat Məktəbinin Media İnstitutunun direktoru, teleaparıcı Ernest Matskyaviçus və başqaları çıxış edəcəklər. Müzakirələrdə siyasi elitanın, medianın və ekspert icmasının nümayəndələri iştirak edəcəklər.
Forumun plenar iclası MDB ölkələrində beynəlxalq jurnalistika, informasiya təhlükəsizliyi və informasiya-siyasi məkanda qarşılıqlı fəaliyyət problemlərinə həsr ediləcək. Tematik sessiyalarda media sahəsində süni intellektin gələcəyi, "Telegram" kanallarının səmərəli aparılması üçün effektiv strategiyalar, Birlik ölkələrində rusdilli medianın inkişafı və rəqəmsal dövrdə ixtisas fakültələrinin tələbələrinin hazırlıq xüsusiyyətlərinin müzakirəsi planlaşdırılır.
2022-ci ildə "Rossiya seqodnya" Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən MDB ölkələrinin media forumunda Rusiyadan, yaxın və uzaq xarici ölkələrdən 300 jurnalist, siyasətçi və ekspert iştirak edib.