BAKI, 3 oktyabr — Sputnik. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub göndərib.
Ölkə rəhbəri 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Frank-Valter Ştaynmayeri və Alman xalqını təbrik edib.
Prezident Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini bildirib:
"Ölkələrimizin siyasi, iqtisadi və humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığı məmnunluq doğurur. Azərbaycan Almaniya ilə əlaqələri möhkəmləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək əzmindədir. Əminəm ki, həm dövlətlərarası münasibətlərimiz, həm də Avropa İttifaqı çərçivəsində qarşılıqlı maraq doğuran qarşılıqlı fəaliyyətimiz bundan sonra ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola da məktub ünvanlayıb.
İlham Əliyev Koreya Respublikasının milli bayramı münasibətilə həmkarını və Koreya xalqını təbrik edib: "Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir".
Dövlət başçısı qeyd edib ki, Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərirlər. Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər:
"İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik. Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Bundan başqa, Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Əbdüllətif Camal Rəşidə məktub ünvanlayıb. Dövlət başçısı İraq Respublikasının milli bayramı münasibətilə həmkarını və İraq xalqını təbrik edib:
"İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".