BAKI, 3 oktyabr — Sputnik. Bu gün ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır. Ümumilikdə, hazırda Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71 faizini qadınlar, 29 faizini isə kişi müəllimlər təşkil edir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar: “Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məhsuliyyətli bir sözlə əsil vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərini belə qadınlar keçir. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olur”.
“Qarşılıqlı ünsiyyətdə şagirdlər onların özünə məxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görür. Bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir”, - deyə o əlavə edib.