CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP piyadalara müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi müraciətində bildirib ki, hadisə zamanı təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadaların ölümü ilə nəticələlən yol nəqliyyat hadisələri ilə bağlı müraciət edib.
İdarənin rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, bu gün Heydər Əliyev prospekti şəhər istiqamətində növbəti piyada vurma hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb.
Araz Əsgərli qeyd edib ki, hadisə zamanı təyin edilməyən yerdən keçən piyada dünyasını dəyişib. Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir:
"Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə nizamlı və intizamlı formada yanaşsınlar. Sadə qaydaların tələbini ağır sonluqlu facilərə qurban verməsinlər. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı yalnış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik!".
Qeyd edilib ki, bu gün səhər saat 7 radələrində Mehdizadə Elşən Mirzəli oğlunun idarə etdiyi "Toyota Prius" markali avtomobil Suraxanı rayonu ərazisində 57 yaşlı Əliyev Polad Qaçay oğlunu vurub. Nəticədə o, hadisə yerində vəfat edib.