Qarabağın dirçəlişi və reinteqrasiyası

Radikal erməni qrupların Avropada yerləşən səfirliklərimizə hücum ehtimalı var - Deputat

Tural Gəncəliyev bildirib ki, antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edilib. Amma buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmır.
Sputnik
BAKI, 2 oktyabr - Sputnik. “Bu gün Azərbaycan özünün qürurlu günlərini yaşayır. 200 illik tarixdə öz vəhşilikləri ilə seçilən ermənilik artıq son günlərini yaşamaqdadır”.
Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin oktyabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, antiterror tədbirləri ilə Qarabağdakı erməni terroruna və separatizminə son qoyuldu.
Deputat təklif edib ki, həmin gün, sentyabrın 19-u Milli Məclis səviyyəsində əbədiləşdirilsin və hər il o günlər qeyd edilsin.
“Ermənilər bütün istiqamətlərdə Azərbaycana qarşı böhtan və qərəzli yanaşmalarını davam etdirirlər. Təbii ki, dövlət başçımız öz komandası ilə bu kimi addımlara yüksək səviyyədə cavab verir və onlar ard-arda məğlub olurlar. Deputatlar və digər peşə sahibləri beynəlxalq tribunalarda onları ifşa edəcək çıxışlar etməlidirlər”-, deyə F.Ağamalı əlavə edib.
Deputat Tural Gəncəliyev çıxış edərək bildirib ki, antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edilib. Amma buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini dayandırmır.
Deputat bildirib ki, informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır: “Çünki müxtəlif platformalardan hücumlar davam edəcək. Misal olaraq, ABŞ-nin Kaliforniya ştatında radikal erməni qruplarının üzvləri Azərbaycan və Türkiyənin diplomatlarına hücum etdilər. Eyni halların Avropada yerləşən səfirliklərimizə qarşı da olacağı ehtimalını görürük. Odur ki, bu məsələlərdə ayıq-sayıq olmaz lazımdır. Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar. Çünki Azərbaycanın torpaqları artıq suverendir və bu, əbədi belə olacaq”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Əlavə edək ki, Azərbaycan XİN erməni radikal qruplaşmalarının ABŞ-ın Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücümu ilə bağlı bəyanat verib.
Bəyanatda deyilib ki, 29 sentyabr 2023-cü il tarixində ABŞ-ın Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınayır və pisləyirik.
30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.
Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.
Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır.