PAYTAXT XƏBƏRLƏRİ

Qorxulu Bibiheybət: "Hər an başımıza qaya düşə, torpaq ayağımızın altından qaça bilər"

Bibiheybət məscidinin aşağı hissəsindəki sürüşmə sahəsində evlər var ki, onlar üçün təhlükə həmişə mövcuddur.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. "Sentyabrın yağmurlu günlərindən sonra paytaxtın bəzi yerlərindəki sürüşmə zonalarında aktivlik yaranıb. Bibiheybətdəki sürüşmə zonasındakı evlər üçün də təhlükə qalmaqdadır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib. O, deyib ki, 2019-cu ilin noyabr ayında Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş versə də, istinad divarları tikildikdən sonra yol üçün təhlükə aradan qalxıb.
Bayıl-Bibiheybət-Badamdar yolu üçün təhlükə olmasa da, Bibiheybət məscidinin aşağı hissəsində, yamacda yerləşən evlər təhlükə altındadır. Buranın sakinləri Sputnik Azərbaycan-a bildiriblər ki, evlərin çoxunda kirayənişinlər yaşayır. Yamacda inşa edilən evlərin çoxu isə beş il əvvəl baş verən sürüşmədən sonra yararsız hala düşüb. Amma ərazidə evlər ucuz olduğundan, insanlar burada yaşamağa davam edirlər.
Burada kanalizasiya xətti də yoxdur
Sakinlərlə söhbət zamanı öydəndik ki, Bibiheybət yamacı adlanan ərazidəki evlər kanalizasiya xətlərinə birləşdirilməyib. Ona görə də, kanalizasiya suları borularla yamacdan aşağı axıdılır. Üstəlik yağış suları yamacda dayanıqlığı zəiflədib. Onlar hər gün başlarına qaya düşməsi təhlükəsi ilə yaşayırlar.
Bibiheybətdə istinad divarları
Sakin Güllü Xanməmmədova bu ərazidə 10 ildən çoxdur ki, kirayədə yaşayır. Deyir ki, ayda 150 manat kirayə haqqı ödəyir:
"İndi Bayıl zonasında bu qiymətə kirayə ev yoxdur. Amma hər saatımız, hər saniyəmiz qorxu içində keçir. 2019-cu ildə qaya parçaları sürüşüb evin damına düşmüşdü. Yəni, hər an gördüyünüz qayalar başımıza düşə bilər. Amma başqa çarəmiz də yoxdur".
2019-cu il hər an təkrarlana bilər
Sakinlər burada yerləşən evlərə heç bir kompensasiya verilmədiyini, el dilində onları "naxalstroy" (qanunsuz tikili) deyildiyini söylədilər.
Təranə adlı sakin deyir ki, burada yaşamaqla həyatlarını riskə atırlar: "Hər an başımıza qaya düşə, ayağımızın altından torpaq sürüşə bilər. Amma Allahın ümidinə burada yaşamağa davam edirik. Çünki, başqa yerdə nə ev almağa, nə də ki kirayə yaşamağa imkanımız var".
Bibiheybətdə istinad divarları
Yağışlardan sonra sürüşmə dinamikası sürətlənə bilər
Əli Əliyev də deyir ki, artıq yol üçün heç bir təhlükə yoxdur. Amma Bibiheybət məscidinin aşağı hissəsində sürüşmə sahəsində evlər var ki, onlar üçün təhlükə həmişə mövcuddur:
"Həmin evlərin sakinləri aidiyyatı qurumlara müraciət etməlidir. Bu evlərdəki vəziyyət indi formalaşmayıb. Beş ildən çoxdur ki, orada vəziyyət mürəkkəbləşib. Onlara baxış keçirilməlidir".
Əliyevin sözlərinə görə, payız aylarında yağışların intensivləşməsi potensial sürüşmə zonaları üçün təhlükə doğurur. Proseslərin dinamikasının intensivləşməsində dayanıqlı su və kanalizasiya şəbəkəsinin olmaması da böyük rol oynayır:
"Bibiheybətdə yamacda yaşayan insanlar kanalizasiyanı yamacdan aşağı axıdırlar. Bu da sürüşməni intensivləşdirir".
Bibiheybətdə istinad divarları
Bakıda daha iki ərazidə sürüşmə təhlükəsi var
O, paytaxtda aktiv sürüşmə zonalarından ikisində təhlükənin hələ də qaldığını söyləyib:
"Günəşli, Qaraçuxur, Badamdar yaylası, Bayıl yamacı və Nübar massivi, Masazır qəsəbəsi sürüşmə sahələri hesab olunur. Günəşli, Qaraçuxur, Badamdar və Bayıl yamacında hələ ki aktivlik müşahidə edilməsə də, Nübar və Masazırda zəif dinamik aktivlik var. Yağışlı mövsüm hələ yeni başlayıb, demək olar ki, yerin səhtinin üst qatı islanmayıb. Əgər atmosfer çöküntüləri intensiv düşməyə başlayarsa, bu ərazilərdə dinamik aktivlik müşahidə olunacaq".
Xatırladaq ki, Bayıl-Bibiheybət-Badamdar yolunda 2019-cu ilin noyabr ayında torpaq sürüşməsi baş verib. Hadisə zamanı yolun sağ hissəsi dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.
Bundan sonra yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarı inşası olunub. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Ərazidə 8 metr hündürlükdə istinad divarı tikilib. Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb.