BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda rəqibin sahibkarlıq fəaliyyətini təqlid etmək qadağan edilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.
Layihənin 22-ci maddəsi "Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi" adlanır.
Məcəlləyə əsasən, aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab ediləcək:
-məhsulun texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, rəqibin məhsulunun və onun formasının, o cümlədən malın xarici tərtibatının və ya qablaşdırılmasının onunla razılaşdırmadan təqlid edilməsi;
-rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulunun bilavasitə təkrarlanması;
-rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi;
-rəqibin internet domeninin adından, habelə rəqiblə eynilik və ya istifadəçiləri çaşdıracaq dərəcədə oxşarlıq təşkil edən internet səhifəsinin dizaynından onunla razılaşdırılmadan istifadə edilməsi;
-rəqibin qanuna uyğun istifadə etdiyi coğrafi göstəricisindən qanunsuz istifadə edilməsi.
Qeyd edək ki, rəqibin təsərrüfat fəaliyyətinin təqlidinə görə maliyyə sanksiyası tətbiq ediləcək. Rəqibin sahibkarlıq fəaliyyətinin təqlidi haqsız rəqabət hesab olunacaq.
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. İqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib.
Əlavə edək ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək.
Yeni Məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Milli Məclisdə müzakirəyə çıxarılan "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.