SƏHİYYƏ

Hipertoniya dərmanları yetmiş altı milyon insanın həyatını xilas edə bilər

ÜST-ün məlumatına görə, yaşı 18-dən yuxarı olan hər üç insandan biri hipertoniya xəstəliyindən əziyyət çəkir və bu xəstəlik də nəticə etibarı ilə insult, infarkt, ürək çatışmazlığı, bir sıra orqanların zədələnməsinə səbəb ola bilər
Sputnik
BAKI, 1 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, qan təzyiqini salmaq üçün nəzərdə tutulan dərmanların əhali arasında yayılması 2023-2050-ci illər arasında 76 milyon insanın həyatını xilas edə bilər.
ÜST-ün məlumatına görə, yaşı 18-dən yuxarı olan hər üç insandan biri hipertoniya xəstəliyindən əziyyət çəkir və bu xəstəlik də nəticə etibarı ilə insult, infarkt, ürək çatışmazlığı, bir sıra orqanların zədələnməsinə səbəb ola bilər.
Hipertoniya dərmanları ilə müalicə olunan xəstələrin sayının artırılması həm də 2050-ci ilə qədər 79 milyon infarktın və 17 milyon ürək çatışmazlığı halının qarşısını ala bilər.
ÜST həmçinin tövsiyə olaraq bildirir ki, həyat tərzinin dəyişdirilməsi hipertoniyanın qarşısını ala, onu zəiflədə bilər. Bunun üçün sağlam qidalanma, duz qəbulunu azaltmaq, tütündən və alkoqoldan imtina etmək, oturaq həyatdan uzaq olmaq tövsiyə olunur.
Qeyd edək ki, ÜST-ün məlumatına görə, 1990-2019-cu illər arasında hipertoniya ilə yaşayan insanların sayı iki dəfə artaraq 650 milyondan 1,3 milyarda çatıb. Bu insanların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.