BAKI, 1 oktyabr - Sputnik. Oktyabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirib.
İmtahanda iştirak etmək üçün 160 namizəd qeydiyyatdan keçib. 11 namizəd imtahana gəlməyib. 75 namizəd uğur qazanıb.
DİM-dən bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM-in təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında ("8 Noyabr" metro stansiyasının yanı) kompüter vasitəsilə keçirilib. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
İmtahan saat 10:00-da başlanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər oktyabrın 2-4-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər.