BAKI, 30 sentyabr - Sputnik. Payız mövsümündə şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sentyabr ayının 30-da paytaxtın mərkəz ərazisində və qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməcilikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, qəsəbədaxili küçələr və yollar, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb. Həmçinin, yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.