BAKI, 30 sentyabr - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Orucov Vüsal Xeybalı oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
***
Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!", - məlumatda deyilir.