CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölüm kabusuna çevrilən avtobuslar: AYNA onların "ömrünə" az qaldığını vəd edir

Dövlət qurumu iri daşıyıcı şirkətlərə məxsus avtobuslarda 8 ayda iki nəfərin həyatını itirdiyini, sərnişin ölümlərinin əsasən qeyri-müntəzəm avtobuslarda baş verdiyini iddia edir.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. "Bakı şəhərində fəaliyyət göstərən iki iri daşıyıcı şirkətin 2023-cü ilin ilk 8 ayında yol-nəqliyyat hadisəsi üzrə statistikasına nəzər salsaqgörərik ki, ölüm halı minimum səviyyədədir. "BakuBus" şirkətinə məxsus avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həyatını itirib. Müvafiq dövrdə "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı isə ölüm halı qeydə alınmayıb".
Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavabda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlayıb.
Qurum bu günlərdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciətinə münasibət bildirib. Qeyd edib ki, AYNA tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara xəbərdarlıq olunaraq sürücülərin yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi və sürücü heyətinin mütəmadi təlimatlandırılması barədə tapşırıqlar verilir. Həmçinin AYNA-nın nəzdində Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar.
Qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslər də buraxılış vəsiqəsi almalı olacaq!
"Hazırda AYNA tərəfindən "1000 yeni avtobus sürücüsü" layihəsi reallaşdırılır. İştirakçılara avtobusların idarə edilməsi, təhlükəsizlik tədbirləri və sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi mövzuları aşılanır. Praktiki məşğələlər isə mürəkkəb şəraitdə avtobusları idarə etmək təcrübəsinin inkişaf etdirilməsinə imkan verir" - AYNA-dan bildirilib.
Qurum qeyd edib ki, yol-nəqliyyat hadisələrinin əksəriyyəti qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobusların iştirakı ilə baş verir. Qanunvericiliyə edilən dəyişikliyin oktyabrın 1-dən qəvvəyə minməsi ilə ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslər AYNA tərəfindən verilən buraxılış vəsiqəsi əsasında fəaliyyət göstərəcəklər.
8 ayda avtobus sürücülərinin təqsiri ucbatından 12 nəfər hayatını itirib
DİN-in məlumatında bildirilir ki, bu ilin 8 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1565 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 12 nəfər hayatını itirib, 23 nəfər isə xəsarət alıb.
Yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücülərinin iştirakı ilə baş verən qəzaların sayında artım müşahidə edilir.
Qurumun açıqlamasına görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də, dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz halda sərnişin avtobuslarını idarə edən, nəqliyyat vasitəsini alkoqoldan, naktotik vasitələrdən psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək sərxoş vəziyyətdə sükan arxasına əyləşərək idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına səbəb olur.
"Bir daha sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə bildiririk ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri həyata keçiriləcək. Bununla yanaşı sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı isə səbirli və təmkinli olmağa çağırırıq" - deyə BDYPİ-nin açıqlamasında bildirilib.