BAKI, 29 sentyabr — Sputnik. Qazaxıstan hakimiyyəti Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə tranzitin artırılmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Danışıqlar zamanı biz Orta Dəhliz kimi tanınan Transxəzər nəqliyyat marşrutunun tranzit imkanlarının artırılmasında qarşılıqlı marağımızı təsdiq etdik. Bu baxımdan Qazaxıstan bu marşrutun birləşdirilməsi üçün Avropa tərəfdaşları, o cümlədən Almaniya ilə birgə işləməyə hazırdır", - Tokayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan da bərpa olunan enerji mənbələrinin, xüsusilə yaşıl hidrogenin inkişafı sahəsində qabaqcıl alman texnologiyalarının və elmi nailiyyətlərin tətbiqində maraqlıdır.
"Biz bu ilin martında Astanada açılmış Almaniyanın hidrogen diplomatiyası bürosunun imkanlarından istifadə edərək əməkdaşlığa hazırıq", - deyə Qazaxıstan Prezidenti bildirib.