AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident Qarabağın yenidən qurulmasına gələn il ayrılacaq büdcəni açıqladı

İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. "İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub".
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.
Prezident bildirib ki, Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Onun sözlərinə görə, Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib.
İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu söyləyən dövlətimizin başçısı bunun Azərbaycana qarşı urbisid və kultursidin təzahürü olduğunu diqqətə çatdırıb.
Böyük Qayıdış Proqramına toxunan Prezident İlham Əliyev həmin Proqramın azad edilmiş bütün ərazilərin bərpasını əhatə etdiyini vurğulayıb.
İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib: ". Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq".
Dövlətimizin başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edib. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.
İlham Əliyev bildirib ki, növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.