NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşmaqda davam edir - Nə baş verir?

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,35 dollar artaraq 102,70 dollar təşkil edib.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. Dünya bazarlarında neftin qiyməti bahalaşmağa davam edir.
ABŞ-də neft ehtiyatlarının kəskin düşməsi, hasilatın azalacağı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub.
ABŞ-nin Qərbi Texas nefti 92 sent artaraq 94,60 dollara, "Brent" markalı neft 77 sent artaraq 97,32 dollara çatıb.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,35 dollar artaraq 102,70 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları keçən həftə 2,2 milyon barel azalaraq 416,3 milyon barelə düşüb və bu azalma analitiklərin proqnozunu çox üstələyib.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.