BAKI, 27 sentyabr — Sputnik. "Ehtiyac yaranarsa, Türkiyə Xankəndidəki partlayışla bağlı lazımi yardımı göstərməyə hazırdır".
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sentyabrın 25-də Xankəndidə baş vermiş partlayışla bağlı bəyanatında bildirilib.
"Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına görə kədərləndik. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik", - nazirlikdən qeyd olunub.
Xatırladaq ki, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
Əlavə edək ki, Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Eyni zamanda Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.