BAKI, 27 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb.
Qışa doğru neft tədarükünün çətinləşməsinə dair narahatlıqlar qiymətləri bahalaşdırıb. Digər tərəfdən, ABŞ-də neft ehtiyatlarının azalması qiymətlərə mənfi təsir göstərib.
"Brent" nefti 86 sent artaraq 94,82 dollara, ABŞ-nin Qərbi Texas nefti 86 sent artaraq 91,25 dollara çatıb.
"Azeri Light" markalı Azərbaycan nefti 0,29 dollar artaraq 99,35 dollar təşkil edib.
Ekspertlərin fikrincə, oktyabrda neftin qiymətləri dəyişkən tendensiya göstərə bilər. Qısa müddətdə qiymətin 100 dolları keçməsi ehtimalı azdır, lakin yuxarı həddə olacağı gözlənilir.
Qeyd edək ki, Rusiya ötən həftə daxili bazarı sabitləşdirmək üçün benzin və dizel ixracına müvəqqəti qadağa qoyub, lakin sonradan məhdudiyyətləri yumşaldıb.
Əlavə edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.