BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirliyin rəhbərliyi və bir qrup şəxsi heyəti parkın girişindəki xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunur.