BAKI, 27 sentyabr — Sputnik. "Hazırda bir neçə silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır".
Bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
O bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində yeni holdinq yaradılır: "Biz başqa formada işlər aparırıq. Ümumilikdə, Azərbaycanda 2 mindən artıq müdafiə təyinatlı məmulatlar istehsal edilir".
Nazirin sözlərinə görə, Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların alınması üçün müraciətlərin sayı artmaqdadır. Belə ki, Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycanın istehsal etdiyi hərbi məhsullara tələbat həddindən çox artıb.
Mədət Quliyev əlavə edib ki, 30-a yaxın dövlət silah-sursat almaq üçün müraciət edib: "Müraciətlərə baxılıb, hazırda müraciətlərin sayı artır. Qeyd etməliyəm ki, ABŞ da bizdən silah alır".
Nazir onu da qeyd edib ki, Qarabağ bölgəsində lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.