BAKI, 27 sentyabr — Sputnik. "İşğal dövründə şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə baxmayaraq, torpaqlarımızın azad edilməsindən dərhal sonra Azərbaycan Prezidenti sülh çağırışı etdi, düşmənçilik səhifəsinin üzərindən keçərək sülh müqaviləsi üzərində işləməyə Azərbaycan tərəfinin hazırlığını bildirdi".
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, sülh istiqamətində son 3 il ərzində atılan bütün addımlar Azərbaycan tərəfindən edilib: "Ancaq biz şahid olduq ki, 3 il ərzində Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri itələdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və onun ərazimizdən çıxarılmasına qarşı çıxdı. Daha sonra biz siyasi təxribatların, "müstəqillik günləri"nin qeyd edilməsi, "seçkilər"in keçirilməsinin şahidi olduq. Nəhayət, hərbi təxribat nəticəsində 6 nəfər insanımızı itirdik və 6 nəfər də yaralandı. Azərbaycanın çağırışları nəticə vermədiyi üçün antiterror tədbirləri keçirməyə məcbur oldu və dünya da gördü ki, ordumuz heç bir mülki obyekti hədəf almadan separatçıları zərərsizləşdirdi. Nəticədə qurama rejim təslim olaraq Azərbaycanın legitim tələblərini qəbul etməyə vadar oldu".
"Cənab Prezidentimizin dediyi kimi, əgər 3 il əvvəl Azərbaycan öz ərazi bütövlüyü bərpa etmişdisə, 20 sentyabr tarixində öz suverenliyini tam bərpa etdi"- deyə nazir qeyd edib.
O bildirib ki, Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri zamanı yüksək peşəkarlıq göstərərək ancaq hərbi hədəfləri məhv edib.
Nazir diqqətə çatdırıb ki, heç bir yaşayış məntəqəsinə zərər vurulmayıb: "Ermənistan silahlı qüvvələrinin birləşmələr bir gün davam edən lokal aniterror tədbirlərinin nəticəsində tələblərimizi qəbul etməyə məcbur oldular".
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.