AZƏRBAYCAN XƏBƏRLƏRİ

Xüsusi karantin rejimi niyə uzadıldı və quru sərhədləri nə üçün bağlı saxlanılır?

Deputatlar quru sərhədlərinin bağlı qalmasının vətəndaşları dövlətdən narazı saldığı qənaətindədirlər.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. "Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılsa da, xarici ölkələrlə quru sərhədlərin xəstə və tələbələr üçün açılması vacibdir. Çünki, bu onların həyatına böyük zərbə vurur. Bu məsələ üzərində düşünülməlidir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Deputat bildirib ki, tibbi vəziyyətlə bağlı verilən informasiyalarda hələ də COVID-in mövcud olduğu və müəyyən təhlükə riski yaratdığı söylənilir. Ona görə də COVID pandemiyasına son qoyulub-qoyulmayacağını söyləmək çətindir.
Qeyd edək ki, sentyabrın 25-dən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.
Hökumətin bu qərarı birmənalı qarşılanmayıb. Çünki, xüsusi karantin rejiminin müddəti uzadıldıqca ölkəmizin digər dövlətlərlə quru sərhədlərinin bağlı qalması müddəti də uzanır.
Millət vəkili Razi Nurullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xüsusi karantin rejiminin uzadılması ölkəmizin iqtisadi və sosial maraqları üçün yaxşı deyil. Deputat əlavə edib ki, vətəndaşlar da karantin müddətinin bağlı qalmasından narahat olurlar:
"Sərhədlərin bağlı qalması kiçik bizneslə məşğul olan vətəndaşlarımızı qazancdan məhrum edir. Bu həm də dövlətin üzərinə yükün düşməsinə səbəb olur".
Digər tərəfdən R.Nurullayev bildirib ki, Azərbaycanın bu günlərdə keçirdiyi antiterror əməliyyatı daxildəki stabilliyi və təhlükəsizliyi qorumağı zəruri edir. Ölkəmizdə müxtəlif vasitələrlə daxildə bu stabilliyi pozmağa, təxribat törətməyə cəhdlər var. Bu niyyətdə olan şəxslərin isə quru sərhədlərlə ölkəmizə daxil olma riski daha böyükdür:
"Hava yolu ilə yoxlamalar çox güclüdür. Ona görə də, terrorçuların quru sərhədlə gəlməsi riski daha çoxdur. Bu səbəbdən mən quru sərhədlərin bağlı qalmasında bir məntiq görürəm. Digər əsaslandırılan səbəb COVID-19-la bağlıdır. Bununla belə dünyada koronavirus pandemiya olmaqdan çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı isə bununla bağlı bütün çağırışları aradan qaldırıb. Buna görə bütün ölkələr quru sərhədləri açıblar. Düşünürəm ki, ölkəmizdə vətəndaşların təhlükəsizliyinin qorunması daha vacibdir. Bu səbəblər də xüsusi karantin rejiminin uzadılmasında müəyyən rol oynayıb".
Məlumat üçün bildirək ki, bu ilin aprel ayının 18-dən etibarən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.
Qeyd edək ki, 11-17 sentyabr tarixlərində ölkədə koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb. Həmin müddətdə ölkədə 223 nəfər vaksinasiya olunub. Bir həftə öncə açıqlanan statistikaya görə, bu virusdan ölənlərin sayə 10 302 olub.
Bir daha xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.