BAKI, 26 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb.
Mərkəzi bankların faiz dərəcələrini uzun müddətə yüksək səviyyədə saxlayacağı açıqlamaları yanacağa tələbin azalacağına dair narahatlıqları artırıb. Bu narahatlıq neftin qiymətlərinə təsir göstərib və qiymətlər ucuzlaşıb.
"Brent" markalı neft 87 sent ucuzlaşaraq 92,42 dollara, ABŞ-nin Qərbi Texas nefti 87 sent azalaraq 88,81 dollara satılıb.
"Azeri Light" markalı Azərbaycan nefti 0,91 dollar azalaraq 99,06 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-nin Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizəni davam etdirəcəklərini təkrarlaması, sərt siyasətin gözləniləndən daha uzun müddət davam edə biləcəyinə işarədir. Yüksək faiz dərəcələri iqtisadi artımı ləngidir və bu da neft tələbini məhdudlaşdırır.
Bundan öncə, Rusiyanın benzin və dizelin ixracına məhdudiyyət qoymasının qlobal tədarükü azalda biləcəyi ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub. Rusiya hökuməti daxili bazarda yanacağın qiymətini sabitləşdirmək üçün avtomobil benzini və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər qoyub. Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, müvafiq sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.
Rusiyanın Energetika Nazirliyi bildirib ki, yanacağın ixracına tətbiq edilən məhdudiyyətlər müvəqqətidir və daxili bazarı təmin etməyə kömək edəcək. Nazirlər Kabinetinin qərarında isə deyilir ki, sentyabrın 21-dən Rusiyadan benzin və dizelin ixracına müvəqqəti qadağa tətbiq edilir. Məhdudiyyətlər bir sıra istisnaları ehtiva edir - məsələn, onlar Avrasiya İqtisadi İttifaqı ölkələrinə şamil edilmir və humanitar yardıma təsir etməyəcək.
Əlavə edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.