AZƏRBAYCAN XƏBƏRLƏRİ

Laçındakı sərhəd-buraxılış məntəqəsindən reportaj

3 gündən artıqdır ki, Qarabağın erməni əsilli sakinləri gecə-gündüz kütləvi şəkildə regionu tərk edir.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Laçın sərhəd buraxılış məntəqəsindən Qarabağın erməni əslli sakinlərinin sərbəst keçidi təmin olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq yoxlamalardan sonra Azərbaycanın Qarabağ bölgəsindən gələn ermənilər Ermənistan istiqamətində hərəkət edir. Hazırda çox sayda avtomobil Ermənistana keçmək üçün uzun növbələrdə gözləyir.
Sərhədi keçən ermənilər özləri ilə bütün daşıya bildikləri yüklərini də götürürlər.
Sərhədçilər avtomobilləri saxlayır. Maşınlarda neçə nəfərin olduğunun qeydiyyatını aparır. Kişilər kamera yoxlamasından keçirilir.
Sərhədçilər tərəfindən yoxlanılan maşınlar daha sonra mobil stasionar rentgen cihazları vasitəsilə bir daha yoxlanılır.
Qarabağı tərk edən ermənilər bildirir ki, onların telefonlarına evlərini tərk etmələri barədə mesajlar gəlib. Buna görə də onlar yaşayış yerlərini tərk edirlər.
Aldığımız məlumata görə, 3 gündən artıqdır ki, Qarabağın erməni əsilli sakinləri gecə-gündüz kütləvi şəkildə regionu tərk edir.