HADİSƏ

Hacıyev: “Azərbaycanın bir sıra xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.
Sputnik
BAKI, 26 sentyabr - Sputnik. “Dünəndən etibarən Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar xeyli sayda Xankəndidən olan pasiyent qəbulu üçün boşaldılıb və bu xəstəxanalar əlavə tibb işçiləri ilə gücləndirilib”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, bütün humanitar ehtiyaclara yerlərdə cavab vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və birbaşa Qarabağın erməni sakinləri ilə müntəzəm əlaqə saxlanılır: "Yanıqların müalicəsi üçün xüsusi hazırlanmış dərmanlar və digər tibbi ləvazimatlar göndərilib. Bundan əlavə, ərzaq yardımı da çatdırılıb. Yardımlar bu gün və yaxın günlərdə də davam etdiriləcək”.
“Həmçinin, tibbi yardıma ehtiyacı olanlardan ötrü Ermənistandan Qarabağa tibbi heyətin olduğu helikopterin daxil olması təmin edilib. Bundan əlavə, biz hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması üçün BQXK-nın müstəsna giriş imkanının təmin edilməsi üzərində işləyirik”, - o bildirib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.