BAKI, 26 sentyabr — Sputnik. Ermənistandan prosesi uzatmaq yerinə artıq güclü iradə nümayiş etdirməsini gözləyirik. Bu gözləntimi 11 sentyabrda telefon danışığı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın da diqqətinə çatdırdım. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. "Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna riayət edildiyi təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişi təmin etmək regional normallaşmaya böyük töhfə qazandıracaq. Cənubi Qafqazda sabitlik, barış və rifahın təsis edilməsi üçün Azərbaycanla birlikdə çalışmağı davam etdirəcəyik", - Ərdoğan qeyd edib.
İndi Xocalıda kim var? Xocalının əsl sahibləri
Ərdoğan bildirib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək: "Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı qovulub. İndi illər sonra Azərbaycan bu qətliamın qisasını fərqli şəkildə aldı. Torpaqlarını geri aldı".
O qeyd edib ki, ABŞ, Rusiya və Fransa Minsk üçlüyü olaraq məsələni həll edə bilməyib.
"Azərbaycan məsələni özü həll etdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o deyib.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər
Ərdoğan bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər.O qeyd edib ki, İran hazırda bu məsələyə müsbət yanaşır:
"Digər tərəfdən, bizim bu (Naxçıvana) səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "iki dövlət, bir millət" ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu bəyan etmişik, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik".