BAKI, 26 sentyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus olan və İrəvandan gələn ambulans karvanı Ermənistandan Xankəndiyə gedib. Sputnik Azərbaycan-ın Laçında olan əməkdaşı xəbər verir ki, təcili tibbi yardım maşınları Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsindən keçib Xankəndiyə doğru hərəkət edib. Karvanda 20-dək ambulans olub.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb. Hadisə sentyabrın 25-də axşam saatlarında baş verib. Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib. Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.