BAKI, 25 sentyabr — Sputnik. Rusiya sülhməramlıları Ağdərə, Əsgəran və Xocavənddən Xankəndiyə köçən mülki əhalini müşayiət edir.
Sputnik Ermənistan xəbər verir ki, Rusiya sülhməramlıları vətəndaşlara əşyaları maşınlara yükləməkdə və konvoyları müşayiət etməkdə köməklik göstərirlər.
Son 24 saat ərzində Rusiya sülhməramlıları Qarabağın mülki əhalisi üçün ərzaq və yanacaq-sürtkü materialları ilə birlikdə 190 ton yükün çatdırılmasını təmin ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 715 mülki şəxs, o cümlədən 402 uşaq Rusiya sülhməramlı kontingentində yerləşdirilib. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur.
Qeyd edək ki, Qarabağın erməni əslli sakinləri Ermənistana köçür. Sentyabrın 25-i saat 06:00-a olan məlumata görə, 2906 erməni Qarabağdan Ermənistana gedib.
Sünik rayonunda Qarabağ sakinlərinin qəbulu mərkəzi fəaliyyət göstərir. Yerli hakimiyyət orqanları vətəndaşları qeydiyyata alır, Ermənistanda qohumu olmayanları müvəqqəti mənzillə təmin etməyə çalışır.