BAKI, 25 sentyabr — Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrini artan turbulentlik şəraitində milli iqtisadiyyatları qorumaq üçün resursları və səlahiyyətləri birləşdirməyə çağırıb.
"Texnoloji suverenliyin gücləndirilməsi bu gün Avrasiya məkanında birgə işin mühüm vektorlarından birinə çevrilir. İstehsal komplekslərinin xarici amillərə davamlılığını təmin etmək üçün resurslar və səriştələrin birləşdirilməsi vacibdir. Dünyada artan turbulentliyin və artan rəqabət əraitində ölkələrimizin iqtisadiyyatını və vətəndaşlarını hazırkı şəraitdə qorumaq lazımdır", - o, Astanada İnnoprom forumunun plenar sessiyasında çıxış edərkən bildirib.
"Rusiya Avrasiya İqtisadi İttifaqındakı bütün tərəfdaşları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinə açıqdır.Təbii ki, münasibətləri dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Qazaxıstanla da bu belədir", - o qeyd edib.
Mişustin xatırladıb ki, ötən il Qazaxıstanla ticarət dövriyyəsi rekord həddə çatıb: "Bu il də müsbət dinamika nümayiş etdirməyə davam edir. İlk yeddi ayda ticarət dövriyyəsi 10%-dən çox artaraq 1,5 trilyon rublu ötüb".
Mişustin vurğulayıb ki, iki ölkənin müəssisələri ənənəvi olaraq sıx əməkdaşlıq əlaqələri qurublar və Rusiya kapitallı on minlərlə şirkət birbaşa Qazaxıstan bazarında təmsil olunur. Onun sözlərinə görə, müştərək işlər maşınqayırmanın müxtəlif sahələrində - ağır, xüsusi, kənd təsərrüfatı, eləcə də təyyarə istehsalı kompleksində, avtomobil sənayesində və bir çox digər mühüm sahələrdə, o cümlədən kimya sənayesi və yüngül sənaye sahələrində aparılır.